Tərtərdə “Narkomaniyaya yox deyək!”, “Erkən nikahın fəsadları!” və “uşaqların vətənpərvər və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
İyunun 7-də Tərtər rayonunun Qaynaq kənd ümumi orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qaynaq kənd İƏD üzrə nümayəndə Aqil Həsənov, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Tərtər rayon Təhsil sektorunun metodisti Gülxar Abbasova, məktəbin direktoru Yaşar Mirzəyev, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Tədbirdə dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən də danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik audəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Həmçinin uşaqların vətənpərvər və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, dövlətimiz gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük diqqət göstərir. Vurğulanıb ki, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi olduqca vacibdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.