Tərtərdə N nömrəli hərbi hissənin yaradılmasının 25 illiyi qeyd edilib
Tərtər rayonunda N nömrəli hərbi hissəsinin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin rəsmi nümayəndələrinin, Tərtər Rayon İcra Hakimiyyətinin, hərbi hissənin keçmiş döyüşçülərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin şəxsi heyətə ünvanladığı təbrik teleqramı oxunub.
Tədbirdə çıxış edən hərbi hissənin komandiri Vüsal Hüseynov hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan hərbi hissə 25 il bundan əvvəl yaradılıb. Hərbi hissə yaradıldığı ilk günlərdən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib, döyüş tapşırıqlarını vaxtında yerinə yetirərək Ağdam, Tərtər və Ağdərə istiqamətlərində gedən döyüşlərdə, sentyabrın 19-da aparılan antiterror əməliyyatlarında iştirak edib. Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda hərbi hissənin şəxsi heyəti yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara layiq görülüb.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Nsaylı hərbi birləşmənin İdeoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin rəisi polkovnik Seymur Həbibullayev çıxış edərək şəxsi heyəti hərbi hissənin yaradılmasının 25–ci ildönümü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Bildiriblər ki, Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlər bu gün uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək, terrorçulardan təmizlədi. Ordumuz torpaqlarımızın suverenliyini tam bərpa etdi.
Ölkə rəhbəri Xankəndində, Ağdərədə, Xocavənddə, Xocalıda öz əlləri ilə Azərbaycan Bayrağını dalğalandırdı, 20 illik prezidentlik fəaliyyətində verdiyi bütün vədləri yerinə yetirdi.
Sonra tədbir konsert proqramı ilə davam etdirildi. Konsertdə vətənpərvərlik ruhunda mahnılar ifa edildi.