Tərtərdə “mygov” mobil tətbiqinin əhali arasında təbliğatı genişləndirilir
Əhalinin rəqəmsal xidmətlərdən istifadə imkanlarının artırılması və dövlət xidmətlərinə əlçatanlığın təmin olunması məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən “mygov” mobil tətbiqinin geniş təbliğ olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Təbliğat işlərinin səmərəliliyini təmin etmək üçün “mygov” tətbiqinin imkanlarını və üstünlüklərini əks etdirən əyani təbliğat materialları çoxaldılaraq RİH başçısı aparatının və İnzibati Ərazi Dairələri (İƏD) üzrə nümayəndəliklərin əməkdaşları tərəfindən rayonun yaşayış məntəqələrində, əhalinin sıx toplaşdığı ərazilərdə, ticarət və xidmət obyektlərində, eləcə də inzibati binaların görünən yerlərində yapışdırılmışdir.
Keçirilən tədbirlər zamanı sakinlərə “mygov” tətbiqinin təqdim etdiyi geniş imkanlar barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, vətəndaşlar bu tətbiq vasitəsilə rəqəmsal sənədlərini (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, sosial tərəfdaş kartı və s.) hər zaman yanlarında daşıya, müxtəlif sahalər üzrə elektron arayışları (məhkumluq, iş yeri, təhsil, nikah və s.) anında əldə edə, həmçinin səhiyyə (laborator analiz nəticələri, elektron xəstəlik vərəqələri, tibbi arayışlar), əmlak, nəqliyyat və sosial müdafiə xidmətlərindən rahatlıqla yararlana bilərlər.
Bununla yanaşı, yerlərdə vətəndaşlara “mygov” tətbiqinin mobil cihazlara yüklənməsi, qeydiyyatdan keçilməsi və xidmətlərdən istifadə edilməsi üçün birbaşa köməklik göstərilir.
Tədbirlərin əsas məqsədi əhalinin gündəlik həyatda rəqəmsal tətbiqlərdən istifadəsini həvəsləndirmək, rəqəmsal savadlılığı artırmaq və dövlət xidmətlərini vətəndaşlar üçün daha əlçatan etməkdir.






