Tərtərdə “Müharibənin mənfi təsirindən əziyyət çəkən regionlarda icbari sığorta haqqında yerli əhalinin maarifləndirilməsi” adlı layihə çərçivəsində ictimai müzakirə təşkil olunub
YAP Tərtər Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Optimist” Sosial Problemlərin Həllinə Yardım ictimai birliyinin həyata keçirdiyi “Müharibənin mənfi təsirindən əziyyət çəkən regionlarda icbari sığorta haqqında yerli əhalinin maarifləndirilməsi” adlı layihə çərçivəsində icbari tibbi sığorta ilə bağlı ictimai müzakirə təşkil olunub.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri və media nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan “Optimist” Sosial Problemlərin Həllinə Yardım ictimai birliyinin sədri, layihə rəhbəri Habil Niftalı iştirakçıları salamlayaraq, layihə barədə qısa məlumat verib. O, qeyd edib ki, “Optimist” Sosial Problemlərin Həllinə Yardım ictimai birliyinin (OSPHYİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 01.07.2023-ci il tarixindən keçirdiyi “Müharibənin mənfi təsirindən əziyyət çəkən regionlarda icbari sığorta haqqında yerli əhalinin maarifləndirilməsi” layihəsnin icrasına başlayıb. Layihə üzrə ilk tədbir Tərtər rayonunda təşkil olunub. Layiənin əsas məqsədi müharibənin mənfi təsirindən əziyyət çəkən reginonlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi, onların icbari tibbi sığortaya əlçatanlığının təmin olunmasına yardımçı olmaq, icbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə məlumatlandırmaqdır.
Layihə rəhbəri Habil Niftalı bildirib ki, əhalinin sağlamlığının qorunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etmək üçün 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə etməyə başlayıb. Artıq üç ilə yaxındır ki, ölkəmizdə İTS fəaliyyət göstərir, lakin əksər əhalinin bu barədə tam məlumatı olmadığı üçün onlar özəl klinikalara üz tutur və ya İcabri tibbi sığortanın işləməməsindən şikayət edirlər. Buna görə biz əhali arasında icbari tibbi sığorta barədə maarifləndirmə işləri apararaq, onların bu barədə geniş məlumat almasına köməklik göstəririk. İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.
Tədbirdə Tərtər Rayon İcra Hakimyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli layihənin əhəmiyyətli olduğunu və əhalinin bu barədə məlumatlanmasını yüksək qiymətləndirdi.
Sonra İcbari Tibbi Sığorta Agentliyinin eksperti Sevil Əliyeva icbari tibbi sığorta nədir?, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər”, “Göndərişlərin verilmə qaydası”, “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası” barədə geniş məlumat verdi. Tədbir müzakirələrlə yekunlaşıb.