Tərtərdə müharibə veteranlarının hüquqi maarifləndirilməsi mövzusunda təlim keçirilib
Oktyabrın 17-də Tərtərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən müharibə veteranlarının hüquqi maarifləndirilməsi mövzusunda təlim keçirilib.
Təlimdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov və Tərtər rayonundan olan Qarabağ Müharibəsi veteranları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmanov bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həya keçirilir. O, qeyd edib ki, Dövlət tərəfindən həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşması üçün kompleks təbirlər görülür. Bəzi hallarda müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallaşdıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər. Bütün bu məsəllərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi layihə benefisarlarına dəstək olmağa hazırdır.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış edərək layihənin əhəmiyyətindən və rayon icra hakimiyyəti tərəfindən bu sahədə görülən işlərdən danışıb.
Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan sosial hüquqları barəsində geniş məlumat verib.
Qarşılıqlı diskusiya şəkilində keçirilən təlimdə iştirakçılara sosial siyasət və bu sahə üzrə qanunlar barədə müvafiq təlimatlar verilib və onların sualları cavablandırılıb.