Tərtərdə Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü qeyd olunub
Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-nin tərkibində fəaliyyət göstərən “İqlim” Elmi-İstehsalat Müəssisəsi MMC Tərtər Elektromexanika zavodunun əməkdaşları ilə birlikdə rayonun mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müdafiə sənayesinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, bu sahədə müasir istehsal müəssisələri yaradılıb, texnoloji imkanlar genişləndirilib və yerli istehsalın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İcra başçısı müdafiə sənayesi işçilərinin bu prosesdə mühüm rol oynadıqlarını vurğulayaraq onları peşə bayramı münasibətilə təbrik edib.
Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC “İqlim” Elmi-İstehsalat Müəssisəsi MMC Tərtər Elektromexanika zavodunun bir qrup əməkdaşına peşə fəaliyyətlərində fərqləndiklərinə görə fəxri fərmanlar təqdim olunub.






