Tərtərdə meşə, yaşıllıq və əkin sahələrinin yanğın təhlükəsizliyinə dair tədbir keçirilib
İyunun 23-də Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, strateji əhəmiyyətli dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə massivlərində yanğın təhlükəsizliyinin təmin olunması sahəsində birgə əməkdaşlığın genişləndirilməsi mövzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru Sadiq Bəbişov, Tərtər rayon Dövlət Yanğndan Mühafizə Hissəsinin rəisi, daxili xidmət mayoru Babək Zeynalov, rayon Polis Şöbəsinin əməkdaşı İlham Rəhimli, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının dinamik inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının müsbət nəticələrindən bəhs edib. Qeyd edib ki, strateji əhəmiyyət kəsb edən taxıl tədarükü və digər kənd təsərrüfatı məhsullarının istehsalı zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi qarşıda duran ən mühüm vəzifələrdən biridir.
Vurğulayıb ki, biçilmiş taxıl zəmilərinin, xüsusilə həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin vaxtında şumlanması, meşə ərazilərinə yaxın sahələrdə mineral zolaqların çəkilməsi yanğının genişlənməsinin qarşısını alan əsas amillərdir. Həmçinin, məişət və sənaye tullantılarının bu ərazilərə atılmasının qarşısının alınması məqsədilə əhali arasında, ilk növbədə isə fermerlərlə geniş izahat və maarifləndirmə işləri aparılmalıdır. Məhsul yığımından sonra sahələri qəsdən yandıran, ekologiyaya, təbiətə və torpağın münbit qatına ciddi ziyan vuran şəxslər müəyyən edilərək barələrində qanunvericiliyə uyğun olaraq ən sərt şəkildə inzibati cəza tədbirləri görülməlidir.
Daha sonra çıxış edən Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru Sadiq Bəbişov, Tərtər rayon Dövlət Yanğndan Mühafizə Hissəsinin rəisi, daxili xidmət mayoru Babək Zeynalov yay mövsümü ilə əlaqədar yanğın risklərinin artdığını bildiriblər. Natiqlər qeyd ediblər ki, əvvəlki illərin təhlili göstərir ki, taxıl və meşə sahələrində baş verən əksər yanğınlar insan amili – ehtiyatsızlıq, nəqliyyat vasitələrindən söndürülməmiş tütün məmulatlarının atılması, biçindən sonra sahələrin odlanması və texnikaların nasazlığı səbəbindən baş verir. Vurğulanıb ki, biçinə cəlb olunan bütün kombayn və traktorlar mütləq şəkildə ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, sürücülər təlimatlandırılmalı və təbii su mənbələrinə yanğın avtomobillərinin sərbəst yaxınlaşması üçün şərait yaradılmalıdır.
Qarşılıqlı diskussiya və sual-cavab formatında davam edən tədbirin sonunda, yerli icra nümayəndələrinə, bələdiyyələrə və aidiyyəti qurumlara meşələrin, yaşıllıqların və kənd təsərrüfatı sahələrinin yanğından qorunması məqsədilə qabaqlayıcı nəzarət tədbirlərini gücləndirmək barədə müvafiq tapşırıqlar verilib.






