Tərtərdə “Mənim hüquqlarım” və “Uşaq Hüquqları:Söz Azadlığı və Müdafiə” mövzusunda tədbir keçirilib
“Uşaq hüquqları aylığı” çərçivəsində Dağıstan Əzizov adına Göyarx kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin YYÇPİTQ-nın inspektoru-polis baş leytenantı Sirac Əlizadə, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Qarabağ Regional Gənclər və İdman idarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, məktəbin direktoru Vəfa Quliyeva, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, onların təhsil almaq, öz fikirlərini sərbəst ifadə etmək və hərtərəfli inkişaf etmək hüquqları barədə danışıblar. Qeyd olunub ki, uşaqların hüquqlarının müdafiəsi cəmiyyətin hər bir üzvünün mənəvi məsuliyyətidir və onların gələcəyin layiqli vətəndaşları kimi yetişməsində ailənin, məktəbin və cəmiyyətin üzərinə mühüm vəzifələr düşür.
Çıxışlarda uşaqların hüquq və vəzifələri barədə maarifləndirilməsinin, onlarda qarşılıqlı hörmət, məsuliyyət və vətənpərvərlik hisslərinin formalaşdırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, belə tədbirlər şagirdlərin hüquqi biliklərinin artırılmasına, hüquq mədəniyyətinin və mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə xidmət edir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






