Tərtərdə məktəblilər arasında kross yarışı keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər Rayon İcra Hakimiyyəti rayon Təhsil Sektoru və Gənclər və İdman İdarəsi ilə birgə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında rayon üzrə kross birinciliyi keçirib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Rayon birinciliyində 34 ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər. Yarış Tərtər-Buruc avtomobil yolunda rayon polis şöbəsinin əməkdaşlarının nəzarəti altında keçirilib. Məktəblilər güclərini 2 km məsafədə sınayıblar.
Tədbiri rayon icra hakimiyyəti başçısı aparatının İçtimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev açaraq “Heydər Əliyev İli “ çərçivəsində rayonda keçirilən silsilə tədbirlər haqqında məlumat verib və məktəblilərə yarışda uğurlar arzulayıb. Sonra Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev yarışın şərtləri ilə məktəbliləri tanış edib.
Məktəblərin yuxarı sinif şagirdləri arasında kross üzrə keçirilən rayon birinciliyində 1 – ci yeri Sarıcalı kənd tam orta məktəbin şagirdi Quliyev Ruslan Vasif oğlu, 2- ci yeri Borsunlu kənd tam orta mətəbin şagirdi Hüseynli Mehrab Cavid oğlu, 3- cü yeri isə Sarıcalı kənd tam orta məktəbin şagirdi Həsənli Sadiq Ceyhun oğlu tutub. Qaliblərə Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub. Diplomların təqdimetmə mərasimində rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev də iştirak edib.