Tərtərdə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
24 Yanvar 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Şikar Şikarov adına şəhər 5 saylı tam orta məktəbin inzibati binasında “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisiyanın məsul katibi Rəvan Həsənov, şəhər 5 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavanşir Musayev və digər şəxslər iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışaraq, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, psixoloq və müəllimlər “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə ətraflı məlumatlar vermişlər. Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.