Tərtərdə Məhərrəm ayı ilə əlaqədar qərərgah üzvlərinin növbəti tədbiri keçirilib
Avqust ayının 5-də Məhərrəm ayı ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərliyi ilə qərərgah üzvlərinin növbəti tədbiri keçirilib.
Rayon İcra hakimiyyətində keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının, icra hakimiyyətinin əməkdaşları və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, cari ilin iyul ayının 30-dan başlanmış Məhərrəm ayında, o cümlədən 8 avqust “Aşura” günündə dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əvvəlcədən icazə verilmiş məscid, ziyarətgahlarda keçirilə bilər.
Rayon icra hakimiyyəti müvafiq dövlət qurumları tərəfindən mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişləri, dini ayinlərin sərbəst və maneəsiz keçirilməsi bütün lazımi tədbirlər görülür, əhali arasında maarifləndirmə tədbirləri aparılır.
Rayon rəhbəri əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyini də qeyd edərək keçirilən mərasimlərdə gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Qeyd olunub ki, rayon ərazisində 5 məsçid və 1 ziyarətgahda (Ələm ocağı) dini mərasimlərin keçirilməsinə icazə verilib. Küçələrdə, evlərdə ehsan süfrələrinin açılması, dini mərasimlərin təşkili tövsiyyə olunmur.
Rayon rəhbəri Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericilik çərçivəsində keçirilməsinin zəruriliyini diqqətə çatdırıb. Aşura günlərində bütün bölgələrdə qanvermə aksiyası təşkil olunacağını, qanvermə aksiyasında iştirak etmək istəyənlərin Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinə müraciət edə bilmələri barədə də məlumat verib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarına Aşura günlərində ictimai asayişin sabitliyinə nəzarəti gücləndirməyi, məscidlərdə fəaliyyət göstərən din xadimlərinə isə dini mərasimlərin təşkili zamanı öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, tədbirlərdə son dərəcə məsuliyyətli olmağı tapşırıb.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov çıxış edərək Azərbaycan cəmiyyətinin hər zaman ənənəvi dəyərlərinə yüksək ehtiram bəslədiyini vurğulayıblar. Çıxışçılar bu il də Məhərrəmlik, Aşura mərasimlərinin milli mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd ediləcəyini, dini mərasimlərdə Kərbəla şəhidləri ilə yanaşı ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin də ruhuna dualar oxunacağını, xatirələrinin yad ediləcəyini bildiriblər. Məhərrəmlik mərasimlərində hər kəsi QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyi, qanvermə aksiyalarında fəal iştirak etməyi tövsiyə ediblər.