Tərtərdə maarifləndirmə tədbiri keçirilib: Gənclərə sağlam həyat vərdişlərinin vacibliyi izah olunub
30 dekabr 2025 | 09:04
Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 5 saylı tam orta məktəbdə şagirdlər arasında narkomaniyanın fəsadlarına və sağlam həyat tərzinin vacibliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Polis əməkdaşları çıxış edərək narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və gənclərin gələcək planlarına vurduğu ağır zərərlər barədə məlumat veriblər. Qeyd olunub ki, sağlam həyat tərzi gənclərin uğurlu gələcəyi üçün ən mühüm seçimdir.
Tədbirdə yeniyetmələrə narkotik maddələrlə bağlı mövcud hüquqi məsuliyyət, riskli sosial mühitdən qorunma yolları və təhlükə anında polisə müraciət qaydaları izah edilib.
Görüşün sonunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, maarifləndirici video çarx göstərilib.






