Tərtərdə “Kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsi” mövzusunda təlim keçirilib
13 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tövsiyyəsinə əsasən Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzininin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzinin iclas zalında Qax DİS-nin direktoru Əkrəm Fətəliyev tərəfindən “Kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsi” mövzusunda təlim keçirilib.
Təlimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər DAİM-in əməkdaşları, İƏD üzrə nümayəndələr və kümçü fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev təlim iştirakçılarını salamlayaraq, son illər dövlətin diqqət və qayğısı nəticəsində digər rayonlarda olduğu kimi Tərtər rayonundada baramaçılığın inkişaf etməkdə olduğunu bildirib.
Daha sonra Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsi mövzusunda fermerlərə ətraflı məlumat vermişdir. Təlimdə kümçü Azər Cabbarov və Elçin Zeynalov məşğul olduqları sahə ilə bağlı fikirlərini bildiriblər.
Təlimdə yem bazalarının artırılması, ipək qurdunun bəslənməsi üçün kümxanaların tikilməsi, tut bağlarına subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Kümçülər tərəfindən səsləndirilmiş problemlər dinlənilib, onları maraqlandıran suallara ətraflı cavab verilib.