Tərtərdə korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətlərinin dövlət qurumları ilə əməkdaşlığına həsr olunmuş tədbir keçirilib
Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, rayon icra hakimiyyəti yanında içtimai şuranın üzvləri, rayonda fəaliyyət göstərən içtimai birliklərin, həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbirdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, bu istiqamətdə həyata keçirilən tədbirlər, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasında birgə əməkdaşlıgın gücləndiriməsi, həyata keçirilən layihələr müzakirə edilib. Tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, son illərdə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları fəal rol oynayır, geniş maarifləndirmə işinin aparılmasında müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq edirlər. Artıq Azərbaycanda korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin antikorrupsiya şəbəkəsi yaradılmaqdadır. Hazırda bu şəbəkənin sıralarında 27 qeyri hökumət təşkilatı birləşib.
Çıxış edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu , Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının önəmini xüsusi vurğulayıblar.
Tədbiri yekunlaşdıran Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev korrupsiyaya qarşı mübarizədə inzibati-profilaktik tədbirlərlə yanaşı, maarifləndirmə və təbliğat işinə də ciddi fikir verməyi zəruri hesab edir. Korrupsiyaya qarşı mübarizədən danışarkən dövlətimizin başçısı belə əməllərə yol verənlərə dəfələrlə ciddi xəbərdarlıq edib: “Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaq”. Bu xəbərdarlıq ölkə başçısının çıxışlarının birində daha kəskin ifadə olunub: “Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. “