Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı şəhid Aysənan Abbasovun ailəsi ilə görüş keçirilib

03 aprel 2025 | 17:27

“Konstitusiya və Suverenlik İli” ilə bağlı, Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla  birlikdə Tərtər rayon Seydimli kəndində Vətən müharibəsi şəhidi Abbasov Aysənanın ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.

Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.

Aysənan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüş zamanı mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə-Şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.  

Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı-5 yaşlı qızı Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb. 

Aysənanın xatirəsinə ehtiram əlaməti olaraq Seydimli kəndində onun adına xatirə abidəsi ucaldılıb.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər