Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Surxayzadə Cahangirin ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavdov, YAP Tərtər Rayon Təşkilatının əməkdaşı Gündüz Alıkişiyev və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Tərtər rayonunun Qaynaq kəndində şəhid Surxayzdə Cahangir Hətəm oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı il iyun ayının 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Cahangir Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda döyüşüb. Cahangir Surxayzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cahangir Surxayzadə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.






