Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid Sənan Məmmədlinin ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Tərtər rayonunun Qaradağlı kəndində şəhid Məmmədli Sənan Səlim oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin sentyabr ayının 14-də Qaradağlı kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib, 2016-cı ildə liseyin məzunu olur və yenidən imtahan verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Məktəbi bitirdikdən sonra peşəkar zabit kimi ordu sıralarında qulluq edir, leytenant rütbəsi alır.
Sənan Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olur, 4 gün neytral zonada qalır. Oktyabrın 20-də yaşadığı kənddə dəfn olunur.
Tərtərin qəhrəman oğlu Sənan Məmmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları və ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.