Tərtərdə Konstitusiya və Suverenlik İli çərçivəsində “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri”, “Narkomaniyaya yox deyək!” və “Gənclər arasında sağlam həyat tərzinin təbliği”mövzusunda tədbir keçirilib.
S.Quliyev adına Şıxarx qəsəbə tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis leytenantı Sirac Əlizadə, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim pediatrı-narkoloq Hicran Rəhimli, məktəbin direktoru Laura Musayeva, məktəbin müəlim kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Həmçinin narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






