Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr Şanlı Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə terror qurbanları olan mülki şəhidlərin xatirəsi yad edilib

29 oktyabr 2025 | 13:05

Tərtər rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili “  çərçivəsində  Tərtərdə 8 noyabr–Şanlı Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağılmış açıq havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya ediblər.

Ekskursiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin ruhlarına Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən dualar oxunub, Sonra muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət fotoguşə ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endiriblər. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müha-ribə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib.

Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanıcanı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Rayon rəhbəri bildirib ki, 44 günlük Vətən müharibəsində, dövlət rəsmilərinin dediyi ki-mi, “Tərtər Ermənistan nasiz-minə qarşı Azərbaycanın Stalinqradı olub”.
44 gün ərzində Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşmüş, 21 qadağan olunmuş raket atılmışdır. Həmin qadağan olunmuş raketlərdən biri–“Smerç” raketi ermənilərin mülkü insanlara qarşı törətdiyi terrorun nümunəsi kimi bu gün açıq havada muzey kimi fəaliyyət göstərən Sahib İsmayılovun evinə düşmüş, ev tamamilə dağılmışdır. Bax, budur erməni vəhşiliyinin nümunəsi, dinc sakinlərə qarşı törədilən terror aktı.

Qeyd olunub ki, 44 gün ərzində rayonun infrastrukturuna güclü ziyan dəymiş, 12 körpələr evi-uşaq bağçası, 16 ümumtəhsil, 10 tibb, 7 mədəniyyət müəssisəsi, məscid və inzibati binalar, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evləri dağılmış, yaxud bu və digər formada zərər çəkmişdir.

Tərtər 44 günlük Vətən müharibəsində 46 hərbi, 16 mülkü şəhid verib.
Respublika Prezidentinin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi kimi tarixin səhifələrinə qızıl hərflərlə yazıldı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı cəmi 23 saat 51 dəqiqə ərzində erməni terrorçuları ağ bayraq qaldıraraq təslim oldular. Xalqımız oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızın ucaldılmasını qürur və iftixar hissləri ilə qarşıladı.

Artıq bütün işğaldan azad edilmiş ərazilərimizdə suverenliyimiz bərpa olunub və biz bu il ilk dəfə sentyabrın 20-də Suverenlik Gününü böyük qürurla qeyd etdik.

Tərtər rayon Polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, evin sahibi, əslən Kəlbəcərdən olan Sahib İsmayılov çıxış edərək, 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüblər. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonra 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə baxış keçiriblər.
Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə öz sağlamlıqlarına qovuşsunlar!

Keçidlər