Tərtərdə “Konstitusiya və Suverenlik İli-2025” çərçivəsində “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri”
08 dekabr 2025 | 15:08
“Narkomaniyanın qarşısının alınması” və “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tərtər rayon Peşə məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər şəhər Polis sahə rəisi Nail Cəfərli, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Tərtər rayon Mərkəzi Xəstəxanasının həkim pediatrı –narkoloq Hicran Rəhimli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, məktəbin direktoru Əli Babayev, məktəbin kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Həmçinin narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər.
Daha sonra mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlərin həllindən bəhs edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






