Tərtərdə investorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması ilə bağlı tədbir keçirilib
Bu gün Tərtər Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən iş adamları və sahibkarlar ilə görüş keçirilib.
Tərtər Rayon İcra Hakmiyyətinin başçısının birinci müavini Elvin Umudov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrdən danışıb, sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, qlobal çağırışlar fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda davamlı iqtisadi inkişaf, makroiqtisadi dayanıqlılıq təmin edilib, böyük Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, iqtisadi potensial artıb. Ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik təkmilləşdirilir, dövlət-biznes dialoqu genişlənir. Sahibkarların maliyyə resurslarına daha rahat və sistemli çıxışının təmin olunması, vergi, sosial və digər güzəştlərin tətbiqi, investisiyaların stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi və s. tədbirlər biznes fəaliyyətinin daha da genişlənməsinə münbit şərait yaradır.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" müvafiq bəndlərindən, həmçinin 1.1.6.2 yarımbəndinin (İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması) icrasının təmin edilməsi ilə bağlı geniş müzakirələr aparılmışdır.
Sahibkarlar dövlət-biznes dialoqu təşəbbüsünü dəstəklədiklərini və bu sahədə atılacaq addımları müzakirə etməyə hazır olduqlarını bildirdilər.
Daha sonra tədbir sual-cavab formatında öz işini davam etmişdir.