Tərtərdə “İnsan hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının akt zalında “İnsan hüquqları aylığı” ilə bağlı tədbir keçirilib.
Tədbirdə Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, şöbənin baş məsləhətçisi Murad Muradlı, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Rayon Polis Şöbəsində rəis müavini, polis mayoru Samir Bayramov, Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis leytenantı Sirac Əlizadə və digər şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev Ombudsmanın müraciətini iştirakçılarının diqqətinə çatdırıb.
Müraciətdə qeyd olunub ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoyub. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilib və həmin tarix hər il qeyd olunur. Ombudsman tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri “İnsan hüquqları aylığı” elan olunur. Aylıq çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi həyata keçirilir.
Çıxışçı fundamental hüquq və azadlıqlar, eləcə də ictimai məsuliyyət kəsb edən məsələlərlə bağlı da ətraflı məlumat verib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Rayon Polis Şöbəsində rəis müavini, polis mayoru Samir Bayramov, Tərtər Peşə məktəbinin müəllimləri Esmira Hüseynzadə və Şəlalə Məmmədova çıxış ediblər. Çıxışlarda cəmiyyətdə mövcud olan və insan hüquqlarının həyata keçirilməsinə böyük əngəl törədən halların aradan qaldırılması, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə ölkəmizdə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də danışılıb.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.