Tərtərdə “Hüquqi dövlət və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsi, rayon polis şöbəsi, Tərtər 1 saylı Mediasiya Təşkilatı və Tərtər Təhsil Sektorunun təşkilatçılığı ilə “18 may –18 iyun İnsan Hüquqları Aylığı“ çərçivəsində şəhər 1 nömrəli tam orta məktəbdə “Hüquqi dövlət və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Sonaxanım Paşazadə insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət quruculuğu sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, vətəndaşların hüquqlarının etibarlı təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər Rayon Polis Şöbəsinin inspektoru Sirac Əlizadə və Tərtər 1 saylı Mediasiya Təşkilatının direktoru Mirməmməd Əyyubov çıxış edərək insan hüquqlarının mahiyyəti, hüquqi maarifləndirmənin əhəmiyyəti, gənclərin hüquq mədəniyyətinin formalaşdırılması, mübahisələrin mediasiya yolu ilə həllinin üstünlükləri və qanunvericiliyin tələbləri barədə məlumat veriblər.
Çıxışlarda bildirilib ki, insan hüquq və azadlıqlarının qorunması demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Bu sahədə aparılan maarifləndirmə işləri vətəndaşların hüquqi biliklərinin artırılmasına və hüquqi dövlət prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir.
Tədbir iştirakçıları tərəfindən mövzu ilə bağlı suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Sonda insan hüquqlarının müdafiəsi sahəsində maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.






