Tərtərdə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə nahar süfrəsi təşkil olunub
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində şəhid ailələri, qazilər və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər üçün nahar süfrəsi təşkil olunub.
Tədbirdə əvvəlcə Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, xalqımızın böyük oğlu, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev ömrünü Azərbaycan dövlətinin inkişafına, xalqın rifahına və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə həsr edib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycan ağır və mürəkkəb dövrlərdən uğurla çıxaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyub.
İcra başçısı vurğulayıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasəti uğurla davam etdirilir, ölkəmizin beynəlxalq nüfuzu daha da artır, əldə olunan qələbələr xalqımızın milli birliyinin və güclü dövlətçilik siyasətinin nəticəsidir.
Bildirilib ki, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və rayonda da bu kateqoriyadan olan insanlarla mütəmadi görüşlər keçirilir, onların problemlərinin həlli daim diqqətdə saxlanılır.
Rayon rəhbəri çıxışında şəhidlərin qəhrəmanlığından bəhs edərək qeyd edib ki, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin şücaəti isə gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. O, tədbirdə iştirak edən şəhid ailələrinə, qazilərə və ictimai fəallara təşəkkürünü bildirərək, onlara möhkəm can sağlığı və firavan həyat arzulayıb.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Eldar Əsədov Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən danışaraq, onun siyasi kursunun respublika prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






