Tərtərdə "Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib.
08 may 2024-cü il tarixdə YAP Tərtər rayon təşkilatının inzibati binasında Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışmış. Bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Eldar Əsədov onu da vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq yeni bir mərhələyə qədəm qoyub.
Daha sonra çıxış edənlərdən Tərtər rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, YAP fəalları - Elvin Məhərli, Xeyri Könül və Pənciyeva Aişə ölkəmizdə gənclərin sağlam inkişafını təmin edən dövlət siyasətindən danışmışlar.
Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, bu gün ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti yeni mərhələsini yaşayır. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərin inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, cəmiyyətə inteqrasiyası istiqamətində çox böyük işlər görülməkdədir. Bu da Azərbaycanda gənclər siyasətinin prioritet məsələlərdən olduğunun sübutudur.
Sonda tədbiri YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov yekunlaşdırdı.