Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda “dəyirmi masa” keçirilib

18 aprel 2024 | 17:24

Tərtər Rayon  İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə  YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevinn 101-ci ildönümü münasibəti ilə “Heydər Əliyev müstəqil Azərbaycanın  qurucusudur” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələ, təhsil və səhiyyə işçiləri iştirak ediblər.

Öncə Ümiummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon icra hakimiyyətinin əməkdaşı Svetlana Əzizova Ulu Öndərin həyat və fəliyyəti barədə məruzə edib. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti özündə müasir tariximizin bütöv bir epoxasını ehtiva edir. Bu dahi şəxsiyyət Azərbaycana bir-birindən tam fərqli iki dövrdə - keçmiş SSRİ dönəmində (1969-1982) və dövlət müstəqilliyimizin bərpasından sonrakı 10 ildə (1993-2003) rəhbərlik edib. Heydər Əliyev Azərbaycan intibahının müəllifi hesab olunur. 1969-cu ildə onun respublika rəhbəri seçilməsi ilə həyatın ritmi dəyişdi, o vaxtadək bütün sahələrdə hökm sürən durğunluq və ətalət dirçəliş və canlanma ilə əvəzləndi. İntibaha aparan yolun başlanğıcı qoyuldu.Dünyanın siyasi tarixində dərin izlər buraxmış Ümummilli lider hələ o zamandan respublikanın xalq təsərrüfatında elmin rolunun artırılmasını, həm fundamental, həm də tətbiqi elm sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin başlıca istiqamətlərindən biri elan etmişdi. 

Təkcə onu demək kifayətdir ki, Ümummilli liderin rəhbərlik etdiyi ilk beş ildə, 1969-1974-cü illərdə ölkədə 198 elmlər doktoru, 1781 elmlər namizədi müdafiə edib, elmi-tədqiqat institutları, ali məktəblər, elm və təhsil müəssisələri yüksək ixtisaslı peşəkarkadrlarla təmin edilib. Bu illər ərzində ali təhsil müəssisələrinin sayı Azərbaycan Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Xankəndi Pedaqoji İnstitutunun yaradılması ilə genişlənmişdir. Birbaşa Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə ölkədə yaradılan, gələcək azərbaycanlı hərbi zabitlərin yetişməsində müstəsna rol oynayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi Ümummilli liderin həyatımızın bütün sahələrinə həssaslıqla yanaşmasının nümunəsidir. 

Ulu öndər Heydər Əliyev cəmiyyətin elm və təhsilə, elmi potensiala, alim və müəllimlərə münasibətinə məqsədyönlü şəkildə müsbət təsir göstərir, ictimai fikri doğru şəkildə istiqamətləndirirdi. Ümummilli lider keçən əsrin 70-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm və təhsil mərkəzlərindən birinə çevirməyi özünün missiyası hesab edir və bu məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır, diqqət və qayğısını onlardan əsla əsirgəmirdi. Məhz o vaxtlardan başlayaraq Ulu öndərin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndi, Azərbaycan elmi SSRİ-də və dünyada kifayət qədər tanıdıldı, tədqiqat işlərinin səviyyəsi yüksəldi, istiqamətləri genişləndirildi, elm və təhsil müəssisələrində çalışan hər kəs hərtərəfli qayğı ilə əhatə edildi.

Ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında müdrik siyasətçi, qətiyyətli iradəsi və əzmkarlığı ilə fərqlənən böyük şəxsiyyət olaraq, eyni zamanda həm də bütün dünyada görkəmli dövlət xadimi kimi tanınmışdır. Respublikanın rəhbəri olduğu dövrdə Ulu öndər təcrübəli dövlət xadimi kimi ölkəmizin ictimai həyatının bütün sahələrində öz bilik və bacarıqlarını xalqının yaşayış rifahının qaldırılmasına yönəltmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifi sayılır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının həyata keçirilməsindən qaynaqlanır. Heydər Əliyev yolunu ən layiqli şəkildə, qətiyyətlə və inamla davam etdirən, dünyanın nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanan İlham Əliyevin rəhbərliyi altında keçilən inkişaf yolu Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz tərəfindən azad edilməsi vaxtilə Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olundu. Qələbəyə aparan yolun əsasını illər öncə Ulu öndər özü müəyyən etmişdi. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı uçurumdan qurtarıb yeni inkişaf yoluna çıxartdı, Prezidentimiz İlham Əliyev isə Azərbaycanı daha da inkişaf etdirərək, ölkəmizi tarixinin qüdrətli və qalib dövlətinə çevirdi.

“Dəyirmi masa”da YAP rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva və başqaları çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb: “Ulu Öndər müasir Azərbaycan dövlətinin qurucusudur. Bütün sahələrdə əldə edilən uğurlar Ulu Öndərin uzaqgörən siyasətindən qaynaqlanır.”

Keçidlər