Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti iməcilik keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən növbəti iməcilik keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Sahil küçəsində və Tərtər şəhər qəbiristanlığında keçirilən iməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları fəal iştirak ediblər.
Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, səkilər təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb. Ərazidə ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantıları təmizlənərək Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.