Tərtərdə hərbiçilərin 9 noyabr- Bayraq Gün münasibəti ilə Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil edilib
9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən N saylı hərbi hissənin gənc əsgərlərinin Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya çərçivəsində hərbiçilərə muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var. Onların sırasında mədəni dəyərləri və milli rəmzləri əks etdirən dövlət atributlarının bir arada ictimaiyyətə təqdim olunmasında son vaxtlar bölgələrdə rəmzlər muzeylərinin yaradılması ölkəmizin mədəni həyatı üçün çox mühüm yenilikdir. Belə muzeylərin yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur. Dövlət Rəmzləri muzeylərinin əhəmiyyətini artıran və onları dünyada mövcud olan muzeylərdən fərqləndirən əsas cəhət də buradakı eksponatların Azərbaycanın dövlətçilik tarixini tam əhatə etməsidir. Müxtəlif dövrlərə aid dövlətlərin bayraqları, sikkələr, tarixi keçmişə dair bir çox materiallar bu muzeylərin qiymətli eksponatları sırasına daxildir. Bu baxımdan Tərtər rayonunda yaradılan Dövlət Rəmzləri Muzeyi də eksponatlarla zəngindir.
Hərbiçilər muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotoları ilə tanış olublar.