Tərtərdə “Her-her kəndinə qayıdış bizim mənəvi haqqımızdır” mövzusunda tədbir keçirilib
Tərtərdə rayon icra hakimiyyəti və Qərbi Azərbaycan, Dərələyəz mahalı, Paşalı rayon Her-her kənd icmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində “Her-her kəndinə qayıdış bizim mənəvi haqqımızdır” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Her-her kənd icmasının sədri Afaq Sadıqova, Qərbi Azərbaycan İcmasının Tərtər rayonu üzrə nümayəndəsi Faiq Məmmədov, əslən Qərbi Azərbaycandan olan “Vətən müharibəsi qəhrəmanı” Azər Abdullazadə və icma üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Qərbi Azərbaycan İcmasının Tərtər rayonu üzrə nümayəndəsi Faiq Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Her-Her kəndinin tarixi, sakinləri barədə məlumat verib, Qərbi Azərbaycana qayıdışla bağlı respublikamızın müxtəlif bölgələrində yaşayan irəvanlılarla keçirilən görüşlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, icma üzvləri, “Vətən müharibəsi” qəhrəmanı Azər Abdullazadə, “Azərbaycan Bayrağı Ordenli” şəhid Mehrac Mahmudovun oğlu Ziya Mahmudov, Her-her icmasının sədri Afaq Sadıqova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Her-herlilər öz doğma ata-baba yurdlarına qayıdacaqlarına ürəkdən inanırlar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Respublika prezidenti cənab İlham Əliyevin sözlərini tədbir iştirakçılarına bir daha xatırladıb: “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır”.
Bəli, torpaqlarını işğaldan azad edən Azərbaycan, İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana ləyaqətli qayıdışa da nail olacaq. Ortaya çıxan nəticə budur ki, Azərbaycan üçün Qərbi Azərbaycandan didərgin salınanların öz yurdlarına qaytarılması, onların ləyaqətli qayıdışının təmin olunması prioritet olaraq qalır və hətta sülh müqaviləsinin imzalanması belə, bu, prinsipial qərarı əngəlləyə bilməz. Vaxtilə Milli Lider Heydər Əliyevin də bununla bağlı çıxışları, nikbin mövqeləri olub. Göyçəlilərin, digər tarixi torpaqlarımızdan didərgin salınanların öz yurdlarına qayıdacağını hətta Qarabağ işğalda olduğu illərdə belə, inamla bəyan edib. Mərhum Prezidentin Qərbi Azərbaycanlılar qarşısında çıxış edərkən qətiyyətli şəkildə və həm də kövrək notlarla dediyi bu sözləri bir daha xatırladaq: “Dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey olduğu kimi qalmır. Mən inanıram, mən tam inanıram ki, hər şey bu bölgədə ədalət naminə dəyişəcək. Azərbaycan xalqının əzab-əziyyəti onun xeyrinə dəyişəcək və mütləq siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağını da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz, ata-babalarınızın qəbirlərini də görəcəksiniz!” Heydər Əliyev Qarabağla bağlı da eyni inamla danışırdı və Müzəffər Ali Baş Komandan İlham Əliyev bu inamı doğrultdu. Prezident İlham Əliyev də hər zaman Qərbi Azərbaycanla bağlı məsələyə önəm verir, xalqımızı birləşdirən ümummilli ideyalardan biri olaraq bu mövzunu prioritet olaraq təqdim edir.
Görüşün sonunda icma üzvlərinə Qərbi Azərbaycan icmasına üzvlük vəsiqələri təqdim edilib.






