Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə güclü külək və yanğın nəticəsində zərər dəymiş yaşayış evlərinə “PAŞA Sığorta” ASC tərəfindən dəymiş zərərin məbləğləri ödənilib

31 iyul 2024 | 09:29

Tərtər Rayon İcra Hakimiyyətinin və “PAŞA Sığorta” ASC-nin birgə səyi nəticəsində, əhalinin sığorta ilə bağlı maarifləndirilərək daşınmaz əmlakların icbari sığortalanması nəticəsində, son zamanlarda baş vermiş güclü külək və yanğın nəticəsində zərər dəymiş yaşayış evlərinə dəymiş zərərin məbləğləri ödənilib.

Hər kəsin xoşbəxt yaşamaq, illərdir qazandığı evinin, bağının, biznes obyektinin xeyrini görmək haqqı var. Baş verə biləcək hər-hansı bədbəxt hadisəni öncədən görmək çox çətindir, lakin onun fəsadlarını aradan qaldırmaq sosial bir vəzifədir. Yıxılanı ayağa qaldırmaq, ehtiyacı olana kömək etmək və təəssübkeşlik göstərmək hər bir azərbaycanlının sahib olduğu dəyərdir.

Daşınmaz əmlakın zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

Bildiririk ki, Daşınmaz Əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində nəzərdə tutulmuşdur. «İcbari Sığortalar haqqında» Qanunun 35.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir (məcburidir).

2006-cı ildən fəaliyyətə başlayan “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir.

Yaşayış evləri və mənzillər üçün 1 İllik icbari sığorta haqqı 30 AZN, Təminat 15000 AZN-dir.

“PAŞA Sığorta” şirkəti tərəfindən bu günə kimi Tərtər şəhər sakini Əliyeva Atlas Yusif qızına 14850 manat, rayonun Qazyan kənd sakini Ələkbərov Ədalət Müzəffər oğluna 1875 AZN, Dəmirçilər kənd sakini Əsgərov Şakir Həsən oğluna  613 AZN, İlxıçılar kənd sakini Quliyev Elxan Surxay oğluna 530 AZN, Kovdadıq kənd sakini Talıblı Nicat Nazim oğluna 398 AZN, Hüsənli kənd sakini Hüseynov Nəsimi Nuruş oğluna 125 AZN, Qaynaq kənd sakini Mirzəyev Cəsarət Əlövsət oğluna 115 AZN, Səhləbad kənd sakini  İsmayılova Pakilet Qulam qızına  75 AZN məbəğində sığorta pulu ödənilib.

Əziz tərtərlilər, dünyanın hər yerində təbii fəlakətlərin tüğyan etdiyi bir vaxtda hər kəsi onun əmlakına dəymiş zərərin ödənilməsi üçün öz əmlaklarını sığorta etdirməyə çağırırıq və bunun məcburi olduğunu bir daha nəzərinizə çatdırırıq.

Keçidlər