Tərtərdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
01 dekabr 2023-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında Məişət Zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının 12.2.1-ci bəndinin icrası ilə bağlı “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Eyvazov, Qarabağ Regional Təhsil İdarəsi Tərtər Rayon Sektorunun əməkdaşı Gülxar Abbasova və digər şəxslər iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli zorakılıq nədir, məişət zorakılığının növləri və Azərbaycan Respublikasının qanunvericiliyində zorakılıga qarşı qəbul edilmiş qanunlar haqqında ətraflı məlumat verərək, zorakılığın ən çox ailədə olan azyaşlıya psixoloji təsir göstərdiyini xüsusi vurğulayıb.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Pərişan Orucova, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Eyvazov, Qarabağ Regional Təhsil İdarəsi Tərtər Rayon Sektorunun əməkdaşı Gülxar Abbasova və digər şəxslərin “Məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik” və “Erkən nikah və ona qarşı mübarizə yolları” mövzusunda çıxışları olub.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.