Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusunda təlim keçirilib

21 dekabr 2024 | 09:49

Dekabrın 20-də BMT-nin Əhali Fondu ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı, Tərtər rayon İcra hakimiyyətinin tam təşkilati dəstəyilə Tərtərdə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda təlim reallaşıb.

Təlimdə 20 iştirakçı – psixoloq, müəllim və sosial yönümlü sahələrin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Zabil Paşayev acıb, qonaqları və təlim iştirakçılarını salamlayıb, gender bərabərliyi və qadına qarşı zorakılıq, ətraf mühit amillərinin qadın və qızların həyatına təsiri və zorakılıq halları ilə mübarizə üzrə mövcud müdafiə və dəstək mexanizmi haqqında məlumat verib.

Sonra Hüquq və İnsan Haqları İnstitututunun məsul əməkdaşı  Heydər Əliyev  gender əsaslı zorakılıqla mübarizə üsulları və zərər çəkmiş şəxslərə dəstək xidmətləri haqqında danışıb.

Təlimçi Nigar Alıyeva  “Gender  bərabərsizliyinin səbəbləri və nəticələri”, ”Zərərli normaların aradan qaldırılmasında  kişilərin və qadınların üzərinə düşən vəzifələr” və “Gender əsaslı zorakılıq qurbanları üçün  mövcud xidmətlərdən istifadəyə mane olan amillər və onların aradan qaldırılması” haqqında geniş və ətraflı təlim keçib.

Təlimdə icmaların rolu, hüquq-mühafizə orqanlarının, sosial işçilərin və yerli idarəetmə strukturlarının bu məsələyə yanaşma tərzi, habelə zorakılığa məruz qalan şəxslərə dəstək mexanizmləri müzakirə olunub.

Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi sayəsində tədbirə cəlb olunan orta təhsil məktəblərinin psixoloqlarına zorakılığın fiziki, psixoloji, cinsi və iqtisadi formaları izah olunub. Təlimdə iştirak edən 20 mütəxəssis qadınların və uşaqların hüquqlarının pozulması, sosial-iqtisadi inkişafın ləngiməsi, eyni zamanda psixoloji travmaların yaranması səbəbləri haqqında fikir mübadiləsi aparıb və sertifikatla təltif olunub.

Həmçinin təlimdə təhsilə çıxış hüququ, erkən nikah, bullinqlə mübarizə, gender əsaslı ayrı-seçkilik və zorakılığa şərait yaradan sosial normaların transformasiyasının zəruriliyi və məktəblərin bu prosesdəki rolu haqqında müzakirələr, sual-cavablar aparılıb. Sonda təlim iştirakçılarına  sertifikatlar təqdim olunub.

Keçidlər