Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Gənclər Günü qeyd olundu

01 fevral 2024 | 14:29

“2 fevral-Azərbaycan Gəncləri Günü” münasibəti ilə Tərtərdə rayon gənclərinin toplantısı keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib. Əvvəlcə Dövlət himni səsləndirilib sonra Ümummilli Lidern və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri  “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə ürəkdən təbrik edib, onlara sağlamlıq, xoşbəxt  və uğurlu gələcək arzulayıb.

Rayon rəhbəri  bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Gənclərimiz Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 27 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.

Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı.

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.

Ulu Öndərin gənclərə etimadı bu gün təsdiqini tapmaqdadır. Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək  rayon gənclərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Dövlət başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”ndan, ölkəmizdə gənclərin məşğulluğunun təmin olunmasının diqqət mərkəzində saxlanmasından, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələrdən, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin bütöv və müstəqil dövlətimiz naminə bütün güclərini səfərbər etməsindən, Vətənin inkişafı üçün səylə çalışmalarından, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləmələrindəndən danışıb, gənclərin idman sahəsində qazandıqları uğurlar, 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları dilə gətiriblər.

Sonra şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi, şəhid övladı Fidan Rüstəmzadə, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş Sektorunun müdiri Orxan Fəxrəddinov, Ələsgərli kənd tam orta məktəbinin tarix müəllimi Təhminə Mayılzadə, şəhid Yaqub Qəhrəmanlının qardaşı Rahib Qəhramanlı, Cəmilli kənd tam orta məktəbin kimya müəllimi Fidan Quluyeva və Mingəçevir Dövlət Universitetinin birinci kurs tələbəsi Əfqan Məmmədzadə çıxış ediblər.

Tədbirin sonunda rayonun  ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərmanlar təqdim edilib.

Keçidlər