Tərtərdə “Gənc qazilərin yay düşərgəsi”-nin açılış mərasimi keçirilib
Tərtər Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “Gənc qazilərin yay düşərgəsi” təşkil olunub.
Düşərgənin açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyyəsi sektorunun müdiri Elşən Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Tərtər Olimpiya İdman Kompleksinin direktoru Emin Dadaşov, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin Ehtiyyatda olan zabiti, düşərgənin kordinatoru Əhliyyət Mehdiyev və Qarabağ, Mərkəzi Aran, Gəncə-Daşkəsən iqtisadi rayonlarından ümumilikdə 50 nəfər Vətən müharibəsi iştirakçıları iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Elvin Umudov gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,-deyib və Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük Vətən Müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olduğunu bildirib.
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyyəsi sektorunun müdiri Elşən Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin Ehtiyyatda olan zabiti, düşərgənin kordinatoru Əhliyyət Mehdiyev çıxış edərək gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək və şanlı zəfər tarixində ordumuzun keçdiyi döyüş yolundan bəhs ediblər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin gənclik və vətənpərvərlik mövzusunda fikirlərinə də yer verilib. Qeyd olunub ki, sağlam düşüncəli, savadlı, milli-mənəvi dəyərlərə bağlı gənclik ölkəmizin gələcəyinin təminatçısıdır.
Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsi iştirakçılarına sosial-psixoloji dəstəyin göstərilməsi, onların asudə vaxtının səmərəli təşkil edilməsi, habelə cəmiyyətə reinteqrasiya prosesinə dəstək verməkdir.






