Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub

16 dekabr 2025 | 14:23

Bu gün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Fövqəladə Hallar Nazirliyinin Tərtər rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə rayonun mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşları öz peşə borclarını böyük məsuliyyət, peşəkarlıq və fədakarlıqla yerinə yetirirlər. O qeyd edib ki, yanğınlardan mühafizə sahəsində çalışan əməkdaşlar fövqəladə halların qarşısının alınması, insanların həyatının və sağlamlığının qorunması, əmlak təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm və əvəzolunmaz xidmətlər göstərirlər.

Rayon rəhbəri vurğulayıb ki, bu sahənin inkişafı Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının mühüm tərkib hissəsidir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası gücləndirilir, şəxsi heyətin sosial müdafiəsi və peşə hazırlığı daim diqqət mərkəzində saxlanılır. O, FHN əməkdaşlarının çətin və məsuliyyətli xidmətlərini yüksək qiymətləndirərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tərtər rayon Yanğından Mühafizə Hissəsinin bir qrup əməkdaşına peşə fəaliyyətlərində fərqləndiklərinə görə fəxri fərmanlar təqdim olunub.

Keçidlər