Tərtərdə “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda Respublika Elmi Konfransı keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AMEA Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov, Folklor İnstitutunun əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransda əvvəlcə Dövlət himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açmaq üçün ilk söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. Rayon rəhbəri konfrans iştirakçılarını salamlayaraq onlara “xoş gəlmisiniz”,-deyib.
Çıxışına Ümummilli Liderin Tərtər rayonu haqqında sözləri ilə başlayan icra başçısı “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyardır, “-deyib.
Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Ulu öndərin 100 illik yubileyi münasibəti ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Ümummilli lider Heydər Əliyev mədəni irsimizə, tariximizə hər zaman çox böyük həssaslıqla, diqqət-qayğı ilə yanaşırdı və bu günkü tədbir də məhz xalqımızın dəyərlərinə, o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə dərin ehtiramımızın bir ifadəsidir.
Nə xoş ki, bu gün Sizinlə birlikdə 160 illik yubileyini qeyd etdiyimiz Azərbaycanın ictimai xadimi Firidun bəy Köçərlinin babası da Tərtər rayonunu Köçərli kəndindəndir.
İcra başçısı qeyd edib ki, tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən olan Firudun bəy Əhməd ağa oğlu Köçərli 160 il bundan əvvəl - 1863-cü ilin 26 yanvarında Şuşada anadan olub. Əsli Cavanşir mahalının Köçərli kəndindən olan Firidun bəyin ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçmüş, burada yurd-yuva salmış, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranmışdır. Firudin bəyin dünyaya göz açdığı mühit əsl ziyalı mühiti olmuşdu.
Bəli, Tərtər ziyalıları qürur duyur ki, bu gün Firidun bəy Köçərlinin 160 illiyinə həsr olunmuş elmi konfrans məhz Tərtərdə keçirilir.
Firidin bəy Köçərli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist kimi çox böyük xidmətlər göstərib. O, Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir. Məhz buna görə də Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi respublikamızda geniş qeyd olunub.
Nə yazıq ki, xalqını ürəkdən sevən, onun maariflənməsi üçün əlindən gələni edən belə bir ziyalını 1920-ci ilin mayında Qazax kommunistləri "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsi olmaqda ittiham ediblər. 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti bolşevik-daşnak qüvvələri tərəfindən süquta uğradılandan sonra o, Gəncədə heç bir əsas olmadan güllələndi.
Millət aşiqi, maarif fədaisi olan Firidun bəy Köçərlinin gənc nəslin təhsil almasında, maariflənməsində əvəzsiz xidmətləri olmuşdur. Qədirbilən xalqımız böyük mütəfəkkirin işıqlı əməllərini heç vaxt unutmayacaq.
Bu gün maarifpərvər ziyalı Firidun bəy Köçərlinin böyüyüb boya-başa çatdığı Qafqazın incisi olan Şuşa böyük inkişaf dövrünü yaşayır. Şuşa xalqımız üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. Qarabağ xanlığının tarixi paytaxtı, mədəniyyət məbədi olan bu qədim şəhər böyük mütəfəkkirlər diyarıdır. Ümummilli lider Heydər Əliyev Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyəti olduğunu bildirərək demişdi: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
Təbii ki, qısa bir zamanda Şuşa Qarabağımızın və bütövlükdə Azərbaycanımızın elm, mədəniyyət və təhsil mərkəzinə çevriləcək, əvvəlki şöhrətini özünə qaytaracaqdır. Şuşanın musiqi, mədəni və təhsil həyatı öz əvvəlki ahənginə qovuşacaqdır. Yenidən Firidun bəy Köçərlilər, Üzeyir bəy Hacıbəylilər, Xurşidbanu Natəvanlar, Bülbüllər, Xanlar bu torpaqdan boy verəcəklər, yetişən fidanlar böyük mütəfəkkirlərin yaratdığı salnamələri əxz edə-edə Şuşanın tarixi yaddaşına səyahət edəcəklər.
Rayon rəhbərindən sonra AMEA Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov çıxış edərək konfransın keçirilməsinin məqsədindən danışıb.
Sonra AMEA Folklor İnstitutunun “Mifologiya” şöbəsinin müdiri, fililogiya elmləri doktoru Seyfəddin Rzasoy “Firidun bəy Köçərlinin bədii –estetik baxışları sistemində ədəbi mühit konsepti”, “Dədə Qorqud” şöbəsinin müdiri, fililogiya elmləri doktoru Ramazan Qafarov “Azərbaycan uşaq folklorunun toplanması, nəşri və tədqiqi tarixindən: “SMOMPK” toplusunun və Firidun bəy Köçərlinin rolu”, institutun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, fililogiya elmləri doktoru, dosentr Leyla Məmmədova “Qarabağın qadın şairlərinin yaradıcılığı ədəbi – ictimai mühit konteksində”, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəşəmova “Qarabağ ədəbi mühiti və aşıq yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov “Qarabağ aşıq mühiti: Aşıq Abbasqulu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov “Qarabağ nağıllarının süjet özəllikləri və obrazlar sistemi” mövzularında çıxış ediblər. Məruzələrdə böyük ictimai xadimin Azərbaycan milli ədəbiyyatı tarixindəki rolundan, onun maarifçilik ənənəlkərindən, əsərlərindən ətraflı söhbət açılıb.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və AMEA Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.