Tərtərdə fermerlərlə aqrar sığorta mövzusunda geniş görüş keçirilib
Tərtər rayon Gənclər Mərkəzində fermerlərlə aqrar sığorta mövzusunda maarifləndirici görüş təşkil olunub. Görüş Tərtər Rayon İcra Hakimiyyətinin, Aqrar Sığorta Fondu və Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, Aqrar Sığorta Fondunun Goranboy regional filialının rəhbəri Tofiq Əsgərov və DAİM-in direktor müavini Vüsal Paşayev iştirak ediblər. Görüşə 120-dən çox fermer qatılıb.
Tədbirin əsas məqsədi fermerləri aqrar sığorta mexanizmləri, onların faydaları, tətbiqi qaydaları və dövlət tərəfindən subsidiyalaşdırılan imkanlarla bağlı məlumatlandırmaq olub. Çıxış edənlər aqrar sığortanın kənd təsərrüfatında risklərin idarə olunmasında mühüm rol oynadığını vurğulayıblar.
Fermerlərə sığortalanma prosesi, müraciət qaydaları, məhsul və heyvan sığortası ilə bağlı geniş məlumat verilib. Eyni zamanda iştirakçıların sualları cavablandırılıb, təklif və problemləri dinlənilib.
Tədbir interaktiv şəkildə keçib və fermerlərin bu sahəyə olan marağının yüksək olduğu müşahidə olunub. Bu cür görüşlərin bölgələrdə mütəmadi keçirilməsi nəzərdə tutulur.






