Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Əziz gənclər, özünüzü narkotiklərdən qoruyun!” mövzusunda maarifləndirmə tədbiri keçirilib

24 iyun 2022 | 17:49

Tərtərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Əziz gənclər, özünüzü narkotiklərdən qoruyun!” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, rayon polis şöbəsinin, ağsaqqallar şurasının, Tərtər rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin, Tərtər Heydər Əliyev Mərkəzinin, Tərtər Cümə məscidinin   əməkdaşları iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Pərişan Orucova, Tərtər rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Ceyhun Əliyev, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Tərtər rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkimi Bəkir Nağıyev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış edərək narkotik maddələrin insanların sağlamlığına vurduğu zərərdən danışıb, mübarizə tədbirlərindən söhbət açıblar. Qeyd olunub ki, narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər.

Azərbaycanda da narkomaniyaya qarşı mübarizə sahəsində xeyli iş görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına” və “Narkotik vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına” qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Narkomaniya ilə mübarizədə hər bir vətəndaş fəallıq göstərməlidir. İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.

Bildirilib ki, dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, dövlət qurumlarının həyata keçirdiyi tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki cəhətdən sağlam böyüməsinə öz töhfəsini verəcəkdir.

Sonra nümayəndələr tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Keçidlər