Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” və “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tərtər rayonunun R.Almuradov adına Ələsgərli kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər rayon Polis şöbəsinin YYÇPİTQ-nın baş inspektoru-polis baş leytenantı İlham Rəhimli, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, məktəbin direktoru İnqilab Baxışov, məktəbin müəlim kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Həmçinin uşaqlara qarşı zorakılıqla mübarizədə maarifləndirici tədbirlərin, valideynlərlə və uşaqlarla aparılan profilaktik söhbətlərin xüsusi əhəmiyyətindən bəhs edilib. Zorakılıq hallarının hüquqi cəhətdən məsuliyyət yaratdığını, o cümlədən milli-mənəvi dəyərlərimiz baxımından qəbul edilməz olduğunu diqqətə çatdırılıb.
Həmçinin tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






