Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri!” “Narkomaniyaya yox deyək!”,“Təhsildən yayınma hallarının qarşısının alınması” və “Dini radikalizm” mövzusunda tədbir keçirilib.
Tərtər rayonunun İsmayılbəyli kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru-polis baş leytenantı Fərman Haqverdiyev, Tərtər Rayon Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin zabiti-gizir Asim Hüseynov, İsmayılbəyli kənd tam orta məktəbinin direktoru Yeganə Zamanova, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.