Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri!” “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.
Tərtər rayonunun Kəngərli kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis leytenantı Sirac Əlizadə, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Tərtər rayon Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.