Tərtərdə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri”, “Narkomaniya bəşəriyyət üçün təhlükədir” və “Radikalizim və Ekstremizm” mövzularında tədbir keçirilib
Tərtərdə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri”, “Narkomaniya bəşəriyyət üçün təhlükədir” və “Radikalizim və Ekstremizm” mövzularında R.Almuradov adına Ələsgərli kənd tam orta məktəbində tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanova, Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Kamran Əhmədov, Ələsgərli kənd tam orta məktəbinin direktoru İnqilab Baxışov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.