Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının fermerlər arasında təbliği mövzusunda seminar keçirilib

07 oktyabr 2023 | 10:21

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Ekoloji İnformasiya İctimai Birliyinin həyata keçirdiyi” Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının fermerlər arasında təbliği” layihəsinin icra planına uyğun olaraq növbəti seminar Tərtər rayonunda baş tutub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov Ekoloji İnformasiya İctimai Birliyinin Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının təşviqi ideyasını yüksək qiymətləndirib. Fermerlər arasında belə bir təbliğatın aparılmasını aktual hesab edib. Layihə heyətinə fəaliyyətlərində uğurlar arzulayıb.

Layihə rəhbəri Musa Muradlı qeyd edib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir. Bununla yanaşı QHT Agentliyi həm də təşkilata tədbirlərin keçirilməsi üçün müvafiq dövlət qurumları ilə münasibətlərin tənzimlənməsində yaxından dəstək olur. Eyni zamanda yerli icra hakimiyyətlərində də tədbirlərin keçirilməsinə təşkilati dəstək göstərilir. Bütün bunlara görə Musa Muradlı həm Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həm də Tərtər rayon İcra Hakimiyyətinə təşəkkür edib. Layihənin qayəsindən danışan Musa Muradlı qeyd edib ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsinin artırılmasına ildən-ilə ehtiyyac artır. İnsanların sağlamlığının qorunmasında keyfiyyətli qida istehsalı əhəmiyyətli amillərdən biridir. Bunun üçün də ekoloji cəhətdən keyfiyyətli məhsulların yetişdirilməsində fermerlərin də rolu az deyil. O bununla bağlı dövlət siyasətində də ciddi irəliləyişlər olduğunu vurğulayıb. Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı haqqında qanunvericilik bazası formalaşdırılıb.

Layihə rəhbəri fermerləri istehlakçıları keyfiyyətli məhsullarla təmin etmək üçün ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalçısı olmağa çağırıb. Gələcək işlərində fermerlərə uğurlar arzulayıb.

Layihə eksperti, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz kənd təsərrüfatı məhsulu anlayışına aydınlıq gətirib. Dünyada ənənəvi kənd təsərrüfatı ilə yanaşı ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının artdığını bildirib. Qeyd edib ki, ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı ilə dünyanın xeyli sayda ölkəsi məşğul olur. Bir çox ölkələr bu qəbildən olan məhsulların ixracını həyata keçirir. Belə bir fəaliyyətin həyata keçirilməsi üçün ölkəmizdə də hərtərəfli şərait var . Tərtər rayonunun bərəkətli torpaqları, təmiz havası, şirin tərkibli suyu ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əhəmiyyətli imkanlar yaradır. Bunun üçün də bölgə fermərləri ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında ciddi uğurlar qazanıblar.

Ekoloq Xosrov Musayev ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal olunmasında sosial,ekoloji, iqtisadi mənfətlərin əhəmiyyətini izah edib. Fermerlərə bazar üçün daha keyfiyyətli məhsullar istehsalçısı olmağı tövsiyyə edib.

Ekoloji seminarda iştirakçı fermerlərlə müzakirələr aparılıb, onları maraqlandıran suallara cavablar verilib.

Keçidlər