Tərtərdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı günü qeyd edilib
Tərtərdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin və Hərbi Əks Kəşfiyyat Baş İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramları münasibəti ilə DTX-nin Tərtər Rayon Şöbəsinin şəxsi heyətini təbrik edib, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır.
Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Məhz bu zərurəti nəzərə alan ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə milli təhlükəsizlik orqanları üçün peşəkar kadrlar yetişdirən akademiya təsis edilib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.
Vurğulayıb ki, Azərbaycanın təhlükəsizlik orqanları artıq bu gün peşə bayramlarını unudulmaz hisslərlə - Qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.
Sonda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı günü münasibəti ilə DTX-nin Tərtər Rayon Şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim olunub.