Tərtərdə Dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiqi mövzusunda treninq keçirilib
Rayonda dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması mövzusunda treninq keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, media nümayəndələri və aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.
Treninqdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev dövlət idarəçiliyində rəsmi sənədlərin, çıxışların və ictimai məlumatların hazırlanmasında ədəbi dil normalarına riayət olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, düzgün və səlis dil istifadəsi dövlət qurumları ilə vətəndaşlar arasında ünsiyyətin keyfiyyətini artırır.
“Yeni Tərtər “ qəzetinin redaktoru Svetlana Bağırova çıxış edərək mediada dil mədəniyyətinin qorunmasının əhəmiyyətindən danışıb, jurnalistlərin və informasiya sahəsində çalışanların ədəbi dil normalarına əməl etməsinin cəmiyyət üçün nümunə olduğunu qeyd edib.
Rayonun Yuxarı Qapanlı kənd İƏD-si üzrə nümayəndəsi Azər Cabbarov, Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehtiyeva,Tərtər Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev və başqaları çıxış edərək, dövlət idarəçiliyi və mediada Azərbaycan ədəbi dilinin qorunması, rəsmi yazışma və ictimai çıxışlarda dil normalarının düzgün tətbiqi ilə bağlı fikirlərini bölüşüblər.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.






