Tərtərdə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri”, “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.
Tərtər rayonunun Fikrət Rzayev adına Bala Kəngərli kənd ümumi orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis leytenantı Sirac Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Tərtər rayon Fikrət Rzayev adına Balakəngərli kənd ümumi orta məktəbinin direktoru Alxas Həsənov, məktəbin psixoloqu Dürdanə Qurbanova və şagirdlər iştirak ediblər.
Çıxış edənlər tərəfindən dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib, bu istiqamətdə görülən mübarizə tədbirlərindən bəhs olunub.
Həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.