Tərtərdə çiyid səpini davam edir
Bu il rayonda 2457,4 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 420 istehsalçı və “Azərpambıq” MMC tərəfindən isə 302 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Bu günə kimi 926,5 hektarda səpin işləri aparılıb.
Rayonda səpinə 24 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 10-15 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.
Qaynaq kənd sakini Əlizamin Kərimovun sahəsində səpin işlərinin gedişini izləyən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə müvafiq tövsiyələrini verib.