Tərtərdə “Böyük irsin sahibi” adlı inşa-yazı müsabiqəsi keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti ,Yeni Azərbaycan Partiyası rayon təşkilatı vəTərtər-Ağdərə rayonları üzrərayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Böyük irsin sahibi” adlı inşa-yazı müsabiqəsi keçirilib.
Müsabiqədə rayonun 37 ümumtəhsil müəssisəsindən 9, 10 və 11-ci siniflər üzrə ümumilikdə, 43 şagird iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova,YAP rayon təşkilatının əməkdaşı Samirə Zeynalova,rayon Təhsil sektorunun nümayəndəsi Ülviyyə Qənbərova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, müasir və qüdrətli dövlət quruculuğu istiqamətində misilsiz xidmətlərindən bəhs edərək, onun zəngin siyasi irsinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıblar.Bildirilib ki, belə müsabiqələrin keçirilməsi məktəblilərin Ulu Öndərin həyat və fəaliyyətinə dair biliklərinin artırılması, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, eyni zamanda yaradıcı düşüncə və yazı bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışlardan sonra iştirakçılara inşa yazısının yerinə yetirilməsi üçün 1 akademik saat vaxt verilib və müsabiqəyə start elan olunub.
Qeyd olunub ki, müsabiqənin nəticələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, fərqlənən iştirakçılar müvafiq qaydada mükafatlandırılacaqlar.






