Tərtərdə boks idman növü üzrə açıq turnir keçirilmişdir
25 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 29-cu ili münasibətilə Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsasında boks idman növü üzrə müxtəlif çəki dərəcələrində açıq turnir keçirilmişdir.Yarış Tərtər Olimpiya İdman Kompleksi ilə razılaşdırılmış əsasnaməyə uyğun olaraq Tərtər OİK-da keçirilmişdir. Yarışda 6 şəhər və rayondan(Ağcabədi, Ağstafa,Gəncə, Mingəçevir, Bərdə, Tərtər) ümumilikdə 7 komanda olmaqla cəmi 82 boksçu iştirak etmişdir.
Turnir başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yarışın açılışında iştirak edən Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, boks üzrə əməkdar məşqçi Faiq Məmmədov və sərbəst güləş idman növü üzrə SSRİ idman ustası, veteran idmançı , 86 yaşlı Sabir Zeynalov çıxış edərək bildirmişlər ki, ulu öndər Heydər Əliyevin düz 29 il əvvəl iyulun 26-da imzaladığı müvafiq fərmana əsasən ölkədə gənclər və idman siyasətini həyata keçirən vahid mərkəzi icra hakimiyyəti orqanının yaradılmasından sonra idmanın inkişafı, eləcə də kütləviliyi günü-gündən artmış, ölkəmiz bir çox beynəlxalq səviyyəli mötəbər idman yarışlarına ev sahibliyi etmişdir. Eyni zamanda Azərbaycan idmançıları dünyanın bir çox ölkələrində qazanılan uğurlarımız sayəsində bayrağımızı zirvələrə qaldırmış, himnizi səsləndirmişlər. Bir sözlə çıxış edənlər vurğulamışlar ki, Azərbaycanda gəncliyə və idmana göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına böyük inamla baxmağına əsas verir.
Çıxışlardan sonra yarışa start verilmişdir. Gərgin mübarizə şəraitində keçirilən turnirin sonunda qalib boksçular Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif edilmişlər.