Tərtərdə Birinci Qarabağ müharibəsi əlili Elçin Abdullayevin yas mərasimi keçirilib
Tərtər şəhərində Birinci Qarabağ müharibəsinin 2-ci qrup əlili Abdullayev Elçin Tapdıq oğlunun yas mərasimi keçirilib.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, eləcə də mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. Rəsmi şəxslər ailə üzvlərinə başsağlığı verərək onların kədərini bölüşüblər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin 2-ci qrup əlili Abdullayev Elçin Tapdıq oğlu 1973-cü ildə Tərtər rayonunda dünyaya gəlib. O, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə qarşı mübarizədə fəal iştirak edib və “Tərtər özünümüdafiə batalyonu”nun tərkibində döyüşlərə yollanıb. Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Elçin Abdullayev qəhrəmanlıq göstərib və həmin döyüşlərdə aldığı xəsarətlər nəticəsində əlil olub. Daha sonra dövlət tərəfindən mənzillə təmin edilib. Uzun müddət ürək çatışmazlığından əziyyət çəkən müharibə əlili ailəli idi.
Mərasimdə çıxış edənlər Elçin Abdullayevin keçdiyi şərəfli döyüş yolundan söz açaraq onun vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndiriblər. Bildirilib ki, Elçin Abdullayev kimi igidlərin fədakarlığı sayəsində Azərbaycan bu gün öz ərazi bütövlüyünü qoruyub saxlaya bilib.
Mərhumun yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






